EDUARD ŞEVARDNADZE: “BİZ “ŞAHDƏNİZ”Ə BÖYÜK ÜMİD BƏSLƏYİRİK”
Prezident Eduard Şevardnadze bu günlərdə jurnalistlərlə görüşündə şirkətin ağır maliyyə problemi ilə qarşılaşdığını açıqlamış və “TELASİ”nin Gürcüstandan getməyə hazırlaşdığını bildirmişdir.
Qərb təmayüllü bəzi siyasətçilər bundan narahat olduqlarını bəyan edərək, amerikalılardan sonra Gürcüstanın energetika bazarını Rusiyanın tutacağını deyirlər.
Dövlət başçısı xatırlatmışdır ki, Rusiya şirkətləri ilə ölkə hökuməti arasında aparılan danışıqlar artıq sona yetməkdədir və Rusiya Vahid Enerji Sistemi Səhmdar Cəmiyyətinin rəhbəri Anatoli Çubaysın yaxın günlərdə Gürcüstana səfəri gözlənilir. Rusiya tərəfi ilə təbii qaz sahəsində də əməkdaşlıq məsələsi müzakirə olunur. Belə ki, hazırda Gürcüstan Rusiyanın “İtera” şirkəti ilə yanaşı, “Qazprom” şirkətindən də təbii qaz almaq niyyətindədir.
E.Şevardnadze Azərbaycanın “Şahdəniz” yatağında qaz hasilatı layihəsinin gerçəkləşdirilməsinin gedişindən və bu yatağın təsdiqlənmiş ehtiyatlarından danşaraq demişdir: “Biz “Şahdəniz” yatağına böyük ümid bəsləyirik. Çünki burada çıxarılacaq “mavi yanacaq” dünya bazarlarına Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ixrac ediləcəkdir. Bu isə bizə qardaş Azərbaycandan daha ucuz və yüksək keyfiyyətli qaz almağa imkan verəcəkdir. Əminəm ki, ölkəmizin təbii qazla təmin olunmasında “Şahdəniz” yatağı mühüm rol oynayacaqdır”.