Efiopiyada keçirilən beynəlxalq konfransda Azərbaycanın donor ölkəsi kimi fəaliyyətindən bəhs edilib
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Əşrəf Şıxəliyev iyulun 13-16-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən inkişafın maliyyələşdirilməsi üzrə üçüncü beynəlxalq konfransda iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ə.Şıxəliyev Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr və digər vacib strateji tədbirlər haqqında məlumat verib. O, Azərbaycanın yeni donor ölkəsinə çevrildiyini və dünya miqyasında donorlar ailəsinə qoşulduğunu bildirib. Heydər Əliyev Fondu və AIDA vasitəsilə Azərbaycanın dünyanın müxtəlif ölkələrinə yardımlar göstərdiyini və bu yaxınlarda üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizə üçün yardım etdiyini vurğulayıb. İndiyədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsinin AIDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalandığı bildirilib. Ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Xatırladaq ki, konfrans Efiopiya hökuməti və BMT Katibliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd 2015-ci il sonrası inkişaf gündəliyinin həyata keçirilməsinə dəstəyin və töhfənin verilməsi üçün müzakirələrin aparılmasıdır. Tədbirdə dünyanın müxtəlif dövlətlərindən rəsmi şəxslərlə yanaşı, bir çox inkişaf agentlikləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Bu mövzuda ilk konfrans 2002-ci ildə Meksikanın Monterrey şəhərində, ikinci konfrans isə 2008-ci ildə Qətərin paytaxtı Dohada keçirilib.