Əfqanıstanda ABŞ qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı narahatlıq yaranıb
Bakı, 2 fevral, AZƏRTAC
ABŞ hərbi kontingentinin Əfqanıstandan nizamsız çıxarılması qarşıdurmaların güclənməsi ilə nəticələnə bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu fevralın 1-də CNN telekanalının efirində Əfqanıstan Ali Sülh Şurasının rəhbəri Ömər Daudzay deyib.
“Əgər ABŞ qoşunları ölkəni nizamsız tərk etsə və boşluq yaransa, çox güman ki, qarşıdurmalar şiddətlənəcək”, - deyə o xəbərdarlıq edib. Əfqanıstan Ali Sülh Şurası rəhbərinin sözlərinə görə, “Taliban” hərəkatı ilə ABŞ-ın nümayəndə heyəti arasında ötən həftə Dohada baş tutan danışıqlarda tərəflər öz üzərlərinə heç bir konkret öhdəlik götürməyib. “Düşünürəm ki, taliblər ABŞ qoşunlarının ölkədən çıxarılması qrafiki elan olunmadan Əfqanıstan hökuməti ilə danışıqlar aparılacağı təqdirdə səhra komandirləri və silahlılar arasında ruh düşkünlüyü yarana biləcəyindən ehtiyatlanırlar”, - deyə Ömər Daudzay əlavə edib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “The New York Times” qəzetinə müsahibəsində “Taliban” hərəkatının nümayəndələri ilə Dohada keçirilən danışıqlarda tərəflər arasında sülh sazişi çərçivəsində prinsipial razılaşmaların əldə olunduğunu bildirmişdi. Razılaşmaya əsasən, taliblər terror qruplaşmalarını Əfqanıstan ərazisində gizlətməyəcəyi barədə təminat vermişdi. Bu, “Taliban” hərəkatı ilə Kabil arasında mümkün atəşkəsə və danışıqlara cavab olaraq ABŞ qoşunlarının ölkədən tam çıxarılması ilə nəticələnə bilər.
Rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 minə yaxın amerikalı hərbçi xidmət edir. Onlar hərbi əməliyyatlardan başqa, ölkənin güc strukturlarının hazırlığı ilə məşğul olur. Bundan əlavə, Əfqanıstanda NATO-ya üzv ölkələrin təxminən 16 min nəfərlik kontingenti dislokasiya olunub.