ƏHALİNİN AZTƏMİNATLI HİSSƏSİNİN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin təyinatı, ödənişi ilə bağlı respublika Prezidentinin fərman və sərəncamlarının icra vəziyyətinə həsr olunmuş tədbirdə Bakı şəhəri rayonlarının, Sumqayıt şəhərinin, Abşeron, Qubadlı və Zəngilan rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin, Dövlət Sosial Müdafiə Fondunun, Birləşmiş Universal Səhmdar Bankın, Rabitə Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev açmışdır.
Nazirliyin sosial təminat işlərinin əlaqələndirilməsi və pensiya- müavinət ödənişinin təşkili idarəsinin rəisi Əbülfət İmanov məruzə etmişdir.
Məruzəçi demişdir ki, əhalinin aztəminatlı və sosial cəhətdən zəif müdafiə olunan təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 1997-ci ildən etibarən qüvvədə olan qanunvericiliyə bir sıra dəyişiklik və əlavələr edilmiş, Azərbaycan Respublikasının Prezidenti 30-dan artıq fərman və sərəncam imzalamış, Nazirlər Kabineti mühüm qərarlar qəbul etmişdir. Göstərilən müddətdə respublikada orta aylıq pensiyanın məbləği 3,7 dəfə artırılaraq 2003-cü ilin əvvəlində 95 min manata çatdırılmışdır.
Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və digər kateqoriyadan olan vətəndaşların pensiya-müavinətləri də dəfələrlə artırılmış, onlara 1090 ədəd pulsuz avtomaşın verilmiş, 657 nəfər, o cümlədən 67 nəfər kənd sakini fərdi mənzillə təmin edilmişdir. Hazırda işləməyən əhaliyə pensiya və müavinət ödənişi üçün ayda orta hesabla 122 milyard manat vəsait ayrılır.
Natiq qeyd etmişdir ki, pensiya-müavinət ödənişi sahəsində mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə Rabitə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və pensiya və müavinətlərin ödənişini həyata keçirən bankların nümayəndələrindən ibarət Mərkəzi qərargah yaradılmışdır. Bundan əlavə, ödəniş müəssisələri arasında sağlam rəqabət yaratmaq üçün pensiya və müavinətlərin əhaliyə yerli rabitə şöbələri ilə yanaşı bank filiallarının ödəniş məntəqələri vasitəsilə də çatdırılmasına nail olunmuşdur. Görülmüş təşkilati tədbirlər sayəsində pensiya və müavinətlərin ödənişində şəffaflıq təmin edilmiş, onların gecikdirilməsi hallarına son qoyulmuşdur.
Müşavirədə pensiya-müavinətlərin ödənilməsində kompüter texnologiyasına keçidin başa çatdırılması zəruriliyi xüsusi vurğulanmışdır.
Rabitə Nazirliyinin nümayəndəsi Novruz Məmmədov, Birləşmiş Universal Səhmdar Bankın idarə heyətinin sədri Zakir Zeynalov və başqaları zona müşavirəsində çıxış etmişlər.