“Eko Gündəlik”lərin qiymətləndirilməsinə başlanmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic Marketing MDB”nin (PMCIS) dəstəyi ilə noyabrın 1-də Azərbaycanda ilk dəfə olaraq başlanmış “Eco Picture Diary-2013” (“Eko Rəsm Gündəliyi -2013”) Beynəlxalq layihəsinin milli müsabiqə turunun birinci mərhələsi başa çatmışdır.
IDEA kampaniyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərini əhatə edən layihəyə ümumilikdə aşağı (6-11 yaş) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən 5 minədək şagird qatılmışdır. Layihənin milli turunun iştirakçıları müəyyən olunmuş müddətdə yarışma üçün hazırlanmış xüsusi “Eko Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkmiş, öz ideyalarının qısa şərhini vermişlər.
Artıq “Gündəlik”lərin qiymətləndirilməsinə başlanmışdır. “Eko Rəsm Gündəlik”lərinin qiymətləndirilməsi layihənin münsiflər heyəti -IDEA kampaniyası, Heydər Əliyev Mərkəzi, Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirlikləri nümayəndələrinin, bir sıra tanınmış ekspertlərin, incəsənət xadimlərinin iştirakı ilə əvvəlcədən nəzərdə tutulmuş kriteriyalara əsasən həyata keçiriləcəkdir. Final mərhələsinə vəsiqə qazanacaq 20 iştirakçı arasından bir nəfər dekabrın 1-də milli müsabiqənin qalibi elan olunacaqdır.
“Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər olunmasıdır. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.