“Ekol Mühəndislik Xidmətləri” QSC-də İtaliyanın “Riccoboni” şirkəti tərəfindən təqdimat keçirilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Müasir texnika və texnologiyalardan istifadə etməklə Avropada ətraf mühitin mühafizəsi və tullantıların emalı sahəsində mühüm layihələr həyata keçirən İtaliyanın “Riccoboni” şirkəti tərəfindən noyabrın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Lay sularının təmizlənməsi” mövzusunda təqdimat keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, “Riccoboni” şirkətinin baş icraçı direktoru Marco Riccoboni, şirkətin baş maliyyə direktoru Angelo Riccoboni, şirkətin ölkəmizdəki meneceri Murad Əlizadə, həmçinin şirkətin baş mühəndisi Lorenzo Bracceschi və “Beleau Wood Group” şirkətinin baş icraçı direktoru Patrick Campos iştirak etmişlər.
Əvvəlcə “Riccoboni” şirkətinin QSC-nin “Suraxanı OYL Opereyşn Kompani S.A.” şirkətinin ölkəmizdəki nümayəndəliyinin, “Balakhanı Opereting Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının və “AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyətinin mədən ərazilərindəki lay sularından götürülmüş nümunələrinin analitik təhlilləri əsasında hazırlanmış elektron məlumatları, təmizləyici qurğular sistemi və texnoloji prosesləri görüş iştirakçılarına təqdim olunmuşdur.
Görüşdə texnoloji qurğuların ərazi üzrə yerləşdirilməsi, bir sıra texniki və maliyyə, eləcə də lay sularının təmizlənməsi proseslərindən alınan iri həcmdə duz kütləsinin idarə olunması məsələlərinin araşdırılmasına ehtiyac duyulduğu qeyd olunmuşdur.
Təqdimatla bağlı müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.