Ekoloji təmiz məhsulların yetişdirilməsi dövlətimizin prioritet məsələlərindən biridir
Bakı, 24 aprel, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı ilə bağlı layihənin həyata keçirilməsi orqanik kənd təsərrüfatının inkişafında mühüm addımlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 24-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə reallaşdırılan “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı layihənin yekun seminarında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Seymur Səfərli deyib.
O, qeyd edib ki, 2015-ci il yanvarın 1-də icrasına başlanılan layihə cari ilin aprelin 30-da yekunlaşacaq. Sözügedən layihə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanılması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır.
Nəzərə çatdırılıb ki, layihənin əsas hədəflərindən biri də Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, müvafiq milli strategiyanın hazırlanmasından ibarətdir. Bu sahədə əhalinin ekoloji təmiz qida ilə təmin edilməsi də başlıca amillərdən sayılır. Belə ki, son dövrlərdə həmin sahədə zəruri tədbirlər həyata keçirilib, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar “Strateji Yol Xəritəsi”ndə də ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd edilib və bu istiqamətdə müəyyən fəaliyyətə başlanılıb. Ümumilikdə isə, orqanik məhsullar sağlam qida ilə zəngin olmaqla yanaşı, fermerlərin öz məhsullarını xarici bazarlara çıxışını da asanlaşdırır.
FAO-nun orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi xanım Uygun Aksoy dünyada və Azərbaycanda orqanik kənd təsərrüfatının mövcud vəziyyəti, Azərbaycanda orqanik kənd təsərrüfatı inkişafının mümkün istiqamətləri və hazırlanmış standartlar barəsində təqdimatlar edib.
FAO-nun milli məsləhətçiləri Yaqub Quliyev layihənin məqsədləri və əldə edilmiş nəticələr, potensialın artırılması və maarifləndirmə fəaliyyətləri haqqında, Məhəmməd Quluzadə Orqanik Kənd Təsərrüfatı haqqında qanun, Həzi Eynalov orqanik məhsullar üçün daxili və ixrac bazarlarının inkişafı barəsində iştirakçılara geniş məlumat veriblər.
Həmçinin Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayhan Baranın orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi, həmin məhsullara beynəlxalq sertifikatların verilməsi və bu sahədə Türkiyə təcrübəsindən söz açıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.