Ekspatriantlar beynəlxalq turnirlərdə BƏƏ-nin idman komandalarını təmsil edə biləcəklər
Əbu-Dabi, 4 may, AZƏRTAC
BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın fərmanına müvafiq olaraq ekspatriantlar (vətənini tərk etmiş və vətəndaşlığını itirmiş şəxslər - AZƏRTAC) tezliklə yerli klublarda iştirak etmək və bütün idman növlərində bu ölkəni təmsil etmək hüququ qazanacaqlar.
AZƏRTAC xəbər verir ki, prezidentin keçən il noyabr ayında dərc edilmiş fərmanının icrası üçün Baş İdman İdarəsi tərəfindən hazırlanmış qaydalar və şərtlər Federal Milli Şura tərəfindən təsdiq edilib. Beləliklə, BƏƏ vətəndaşları olan qadınlarla evlənmiş kişilər, BƏƏ-də doğulmuş uşaqlar, habelə BƏƏ-də yaşayan hər bir ekspatriant BƏƏ-nin idman klublarında qeydiyyata alınmaq və ölkəni təmsil etmək hüququ qazanacaq.
BƏƏ-nin Baş İdman İdarəsinin prezidenti Məhəmməd Xəlfan Al Rumayti bildirib ki, ölkədə bütün ekspatriantlar bu xəbəri çoxdan gözləyirdilər. Onun sözlərinə görə, ekspatriantların BƏƏ idman klublarında iştirakı milli federasiyalar üçün idmançıların seçimini genişləndirməyə kömək edəcək, bu şəxslər Əmirliyin idmançıları ilə rəqabət aparacaq, bu da öz növbəsində, yerli idmançıların ustalığını artırmasını stimullaşdıracaq.
Bu il sentyabr ayından etibarən, BƏƏ-nin bütün idman federasiyaları - futbol, basketbol, voleybol və reqbi klubları təsdiq edilmiş qaydaları reallaşdırmağa başlayacaq, yerli klublar isə qeydiyyat prosesinə başlaya biləcəklər. Yeni qaydalardan ilk növbədə BƏƏ-nin Futbol Assosiasiyası, habelə basketbol, voleybol və həndbol federasiyaları istifadə edə biləcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi