Ekspert: Magistraturada ikinci tura 3 mindən çox vakant yer qala bilər
Bakı, 28 iyul, AZƏRTAC
Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimindən sonra təxminən 2 min və daha artıq plan yerinin vakant olacağı gözlənilir. Bu yerlərin ikinci turda yenidən müsabiqəyə çıxarılması ehtimal edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert qeyd edib ki, magistratura üzrə müsabiqə artıq başa çatıb və hazırda nəticələrin emalı prosesi aparılır.
“Magistratura imtahanında 27 mindən çox namizəd iştirak etdi. Onlardan 6 mindən bir qədər çoxu 0–40 bal aralığında nəticə göstərdiyinə görə müsabiqədə iştirak hüququ qazanmadı. Beləliklə, 40 baldan yuxarı nəticə göstərərək müsabiqəyə qatılmaq imkanı əldə edənlərin sayı təxminən 21 min nəfər oldu. Buna baxmayaraq, ixtisas seçimi mərhələsində cəmi 15 min 719 nəfər iştirakını təsdiqlədi”, – deyə o vurğulayıb.
Elçin Əfəndinin sözlərinə görə, bu il magistratura səviyyəsi üzrə 17 min 688 plan yeri ayrılıb ki, onların da 7 mindən çoxu dövlət sifarişli yerlərdir. İxtisas seçimini təsdiqləyənlərin sayı plan yerlərindən təxminən 2 min nəfər azdır. Bu da ən azı 2 min yerin vakant qalacağını göstərir. Bundan əlavə, düzgün seçim etməyən və müsabiqədən keçə bilməyən namizədlər də nəzərə alınarsa, ikinci mərhələyə 3 min və daha artıq boş yer qala bilər. Həmin yerlərin həm dövlət sifarişli, həm də ödənişli əsaslarla ikinci turda müsabiqəyə çıxarılması gözlənilir.
Ekspert əlavə edib ki, mövcud statistika bu il magistraturaya qəbul zamanı keçid ballarının aşağı düşəcəyinə dair əvvəlki proqnozları təsdiqləyir.
“İyun ayından etibarən qeyd edirdik ki, bu il 75 bal və yuxarı nəticə göstərən namizədlər üçün keçid ballarında ciddi azalma müşahidə olunacaq. Eyni zamanda, 60–65 bal toplayanların qəbul imkanları əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Keçid ballarında azalmanın bəzi ixtisaslar üzrə 60 bala qədər hiss olunacağı gözlənilir. Bununla yanaşı, 40-65 bal aralığında namizədlərin sayı çox olduğundan əsas rəqabət də məhz bu qrupda formalaşır. Bu amil ixtisasların keçid ballarına birbaşa təsir göstərəcək”, - deyə Elçin Əfəndi vurğulayıb.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları fevralın 15-də, mayın 17-də və iyunun 14-də keçirilib. 2026-cı ildə keçirilən imtahanlarda, ümumilikdə 27 min 859 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 26 min 241 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1618 nəfər daha çox olub.