Ekspert: Uşaqlarda nitqin inkişafı məktəbəhazırlığın əsas şərtlərindən biridir
Bakı, 1 avqust, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsi və nitq bacarıqlarının inkişafı uşaqların hərtərəfli formalaşmasının əsas istiqamətlərindən biridir. Bu proses onların gələcək təhsil həyatına uğurlu inteqrasiyasında mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, təhsil üzrə mütəxəssis Xalidə Həmidova söyləyib. O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş xüsusiyyətlərinə uyğun müxtəlif metodlardan istifadə olunur. “Nağıl və hekayələrin oxunması, şeirlərin öyrədilməsi, bədii əsərlərin müzakirəsi, söz və rollu oyunlar, səhnəciklər, musiqi və folklor nümunələri, habelə müəllimlə uşaqlar arasında qurulan dialoqlar onların söz ehtiyatını zənginləşdirir, düzgün tələffüz və ifadə bacarıqlarını inkişaf etdirir. Uşaqlara ana dilində sərbəst fikir ifadə etmək üçün yaradılan mühit isə onların özünəinamının və ünsiyyət mədəniyyətinin formalaşmasına töhfə verir. Məktəbəqədər təhsilin əsas məqsədi uşağın məktəbə hazırlanmasıdır. Məktəbəhazırlıq uşağın yalnız fiziki sağlamlığı və elementar riyazi bilikləri ilə deyil, həm də fikrini sərbəst ifadə etmək və ünsiyyət qurmaq bacarıqları ilə müəyyən olunur. Uşaqda inkişaf etdirmək istədiyimiz bütün bacarıqların əsasında nitq dayanır. Sosial münasibətlərin qurulması, ətraf aləmi dərk etmək, fikrini ifadə etmək və yeni biliklərə yiyələnmək nitq bacarıqları ilə sıx bağlıdır. Buna görə də məktəbəqədər yaş dövründə nitqin inkişafı prioritet istiqamətlərdən biri hesab olunur”.

Mütəxəssis qeyd edib ki, Azərbaycan dilinin inkişafı məktəbəqədər təhsil kurikulumunda ayrıca istiqamət kimi müəyyənləşdirilib və bu sahədə nəzərdə tutulan standartların icrası məktəbəqədər təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Məktəbəqədər təhsil müəssisələri bir yaşdan etibarən uşaqları qəbul edir və bütün yaş qruplarında nitqin inkişafına yönəlmiş sistemli fəaliyyətlər həyata keçirilir. Müxtəlif məşğələlər, oyunlar, ekskursiyalar, gəzintilər və fərdi işlər vasitəsilə uşaqların ünsiyyət və danışıq bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bu prosesdə tərbiyəçilərin peşəkarlığı mühüm rol oynayır. Məktəbəqədər təhsil mərhələsində uşaqlara Azərbaycan əlifbasının hərfləri və səsləri tanıdılır, düzgün tələffüz vərdişləri aşılanır, çap hərfləri ilə ilkin tanışlıq yaradılır. Xüsusilə 5-6 yaşlı uşaqlar üçün təşkil olunan “Savad təlimi və nitqin inkişafı” məşğələləri onların dil bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir. Yazı və oxu bacarıqlarının sistemli şəkildə mənimsədilməsi isə məktəb mərhələsində həyata keçirilir.
Müxbir - Nərmin Muradzadə