“Əl-Əxbar Əl-Məsəiyyə” qəzetində Azərbaycan-Misir əlaqələrindən bəhs edən məqalə dərc olunub
Səfir məqalədə Misir və Azərbaycan arasında tarixi əlaqələrin uzun illərə söykəndiyini vurğulayaraq, siyasi, iqtisadi və mədəni münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib. Bildirib ki, son üç ildə Misirin Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 3 milyard ABŞ dollarını ötüb.
2014-cü ilin sentyabrında Bakıda keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisinə toxunan səfir Misirin bəzi mətbu orqanlarında bununla bağlı yayılan qərəzli məlumatların həqiqətə uyğun olmadığını diqqətə çatdırıb. Məqalədə vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və İslam mədəniyyətində özünəməxsus rol oynayır. Habelə üzvü olduğu bütün beynəlxalq təşkilatlarda ərəb və digər müsəlman ölkələrinin, o cümlədən Misirin ədalətli mövqeyini daim müdafiə edir.
Ş.Abdullayev Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu və münaqişənin regional və beynəlxalq sülh və əmin-amanlığa təhlükə yaratdığını qeyd edərək bildirib ki, ölkəsi işğal altındakı torpaqlarını danışıqlar yolu ilə azad etməyə çalışır, eyni zamanda öz hərbi gücünü artırmağa və silahlarını müasirləşdirməyə önəm verir.
Terrorizmə qarşı mübarizədə ölkəsinin Misirə verdiyi dəstəkdən də söhbət açan səfir məqaləsində, həmçinin Azərbaycanın xarici siyasətinin şəffaf olduğunu, ərazisində heç bir xarici dövlətin hərbi bazasının yerləşməsinə və öz hava məkanından digər dövlətə qarşı istifadə edilməsinə heç bir şəkildə icazə verməyəcəyini diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə