ELÇİN MEHDİZADƏNİN ÇIXIŞI
Müstəqilliyimiz təhlükə altında idi, torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Belə bir çətin məqamda müdrik Azərbaycan xalqının təkidi ilə cənab Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ölkəmizin qurtuluşu oldu, Azərbaycanın tarixinə şanlı səhifə kimi həkk olundu.
Ötən on ildə respublikamız çox yüksək nailiyyətlər əldə etmişdir. Prezidentimizin şəxsi diqqət və qayğısı nəticəsində bütün sahələrə münasibət kökündən dəyişmişdir. Eləcə də, idmanda böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan idmançıları beynəlxalq aləmdə tanınır, bölgələrdə dünya standartlarına uyğun idman kompleksləri istifadəyə verilib, idmançılara diqqət və qayğı artıbdır.
Məkrli düşmənimizin işğal etdiyi torpaqlarımız həsrətlə yolumuzu gözləyir fikrini diqqətə çatdıran natiq bildirdi ki, müstəqilliyə və azadlığa gedən yol çətin və sınaqlardan keçən bir yoldur. Bu gün Azərbaycanın taleyüklü məsələlərinin həllində böyük xidmətləri olan cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini kimi böyük siyasətdə, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü kimi, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində, Milli Olimpiya Komitəsinin prezidenti kimi idmançılarımızın beynəlxalq arenaya çıxmasında, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi, neft strategiyasının həyata keçirilməsində öz sözünü deyir, yeni milli tariximizə öz imzasını atır, Vətənin xoşbəxt gələcəyinə öz töhfəsini verir.
Bu gün hər birimizin qəlbində böyük bir istək, arzu və inam vardır. Müstəqil Azərbaycan inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. İqtisadiyyatımız və elmimiz sürətlə inkişaf edir. İtirilmiş torpaqlarımızı geri qaytaracaq böyük və qüdrətli ordumuz yaradılıb. Azərbaycan nəinki regionda, dünyada nüfuzlu bir dövlətə çevrilməkdədir. Lakin yaddan çıxarmaq lazım deyil ki, bu ümümmilli vəzifələrin reallaşmasının və həyata keçirilməsinin əsas təminatçısı müdrik rəhbərimiz yeni Azərbaycan dövlətçiliyinin siyasi memarı, müstəqil Azərbaycanın Prezidenti cənab Heydər Əliyevdir. O, dünya azərbaycanlılarının milli lideri və hamımızın fəxridir. Biz hamımız böyük səy və həvəslə qarşıdan gələn prezident seçkilərində fəal və obyektiv mövqe tutacağıq. Bu seçkilərdən qalib çıxan liderimiz Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. Yaşasın dünya azərbaycanlılarının milli lideri Heydər Əliyev!
Yaşasın Azərbaycan gəncliyinin sabahı, Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyev!