ELDAR CƏFƏROV VƏ ANNA SAJİNANIN RƏQSİ ROMANTİK TƏKLİFLƏ BAŞA ÇATMIŞDIR
Gənclər və İdman Nazirliyinin əməkdaşı Səmayə Məmmədova AZƏRTAC-ın müxbirinə demişdir: “Builki beynəlxalq “Eurovision” müsabiqələrində Azərbaycanın iştirakını mübaliğəsiz başlıca sensassiya adlandırmaq olar. May ayında populyar mahnı müsabiqəsində ilk dəfə təmsil olunub, səkkizinci yeri tutmuş Azərbaycan Avropanı öz mədəniyyəti ilə valeh edərək, qitənin 5 ən yaxşı rəqs ölkəsindən biri sayılmışdır”.
Onun sözlərinə görə, rəqs müsabiqəsi Avropanın 20-dən yuxarı ölkəsində, o cümlədən Böyük Britaniya, Avstriya, İtaliya, Niderland, Portuqaliya və başqalarında birbaşa yayımlanmışdır. “Opera kabusu” rəqsini on milyonlarla adam layiqincə qiymətləndirmişdir.
Müsabiqəyə hazırlıq olduqca ciddi və əhatəli olmuşdur. Azərbaycan cütlüyü öz rəqs nömrəsi üzərində əvvəlcə Amerikanın ən yaxşı xoreqoraflarından sayılan Bruno Kollinzin rəhbərliyi altında ABŞ-da işləməyə başlamışdır. Sonra hazırlıq prosesi İtaliyada Ceri Abrat və Katerina Ardzentonun rəqs məktəbində davam etdirilmiş, Azərbaycanda başa çatmışdır. Burada Eldar və Anna “Odlar yurdu” rəqsinin elementlərini məşq etmişlər.
S.Məmmədovanın sözlərinə görə, Eldar və Annanın dördillik romantik münasibətlərini ailə qurmaqla bitirmək qərarı Avropa tamaşaçısını laqeyd qoymamışdır. Eldar Cəfərov birinci çıxışından sonra sevgilisi qarşısında diz çökərək, milyonlarla televiziya tamaşaçısının “şahidliyi ilə” ona evlənmək təklifi etmişdir.
Ukraynanın nüfuzlu “Seqodnya” qəzeti bu barədə belə yazmışdır: “Azərbaycan cütlüyü daha romantik təsir bağışlayırdı: coşqun rəqqas Eldar Cəfərov efir vaxtı tərəf-müqabili Anna Sajinaya evlənmək təklif etdi”.
“Eurovision-dance 2008” müsabiqəsində beşinci yer bu səviyyədə müsabiqədə ilk dəfə iştirak edən bir ölkə üçün birmənalı şəkildə böyük nailiyyətdir. Bu o deməkdir ki, Azərbaycan və onun mədəniyyəti Avropa birliyi üçün getdikcə daha cəlbedici olur.