ELEKTRİK ENERJİSİ İSRAFI FAKTLARI ARADAN QALDIRILIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun struktur bölmələrində enerji obyektlərində təmir-bərpa işləri ilə yanaşı, elektrik enerjisindən qanunsuz istifadə hallarının aradan qaldırılması üzrə tədbirlərdə həyata keçirilir.
Müvafiq icra və hüquq mühafizə orqanlarının iştirakı ilə iyunda keçirilmiş reydlər nəticəsində bütün rayonlar üzrə sayğacların işinə 1150-dən çox qanunsuz müdaxilə faktı aşkar edilmişdir ki, bu da ötən ayla müqayisədə 350 fakt azdır. İstifadə olunmuş elektrik enerjisinin dəyərinin məcburi ödənilməsi üçün pozuntu faktları ilə əlaqədar müvafiq aktlar tərtib olunmuş, təxminən 5,8 milyon kilovat-saat elektrik enerjisinin dəyəri bərpa edilmiş, həmin məbləğin 90 faizi artıq ödənilmişdir.
Hesabat ayında ən az pozuntu faktı “Mingəçevir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üzrə (75 fakt), ən çoxu isə “Şirvan RET” MMC üzrə (335 fakt) qeydə alınmışdır.
Bütövlükdə cari ilin birinci yarısında RET-lər üzrə elektrik enerjisindən istifadə qaydalarının 10540 dəfə pozulması faktı aşkara çıxarılmış və müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, təxminən 49,3 milyon kilovat-saat elektrik enerjisinin istehlak dəyəri bərpa edilmiş, həmin məbləğin xeyli hissəsi ödənilmişdir.
Pozuntu hallarını aradan qaldırmaq üçün hər yerdə yeni sayğaclar - fərdi abonent kartları tətbiq edilir. Layihə artıq Gəncədə həyata keçirilmişdir. Oxşar işlər Mingəçevirdə aparılır. Həmin sayğacların Şirvan şəhərində, habelə Sabirabad, Hacıqabul, Şəmkir və Ağsu rayonlarında quraşdırılmasına hazırlıq işləri gedir.