Elektron identifikasiya və etibarlı xidmətlər üzrə Azərbaycanda mövcud vəziyyət araşdırılıb
Bakı, 25 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 25-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çərçivəsində seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, "Elektron imza və etibarlı xidmətlər: Hüquqi və texniki bazanın təkmilləşdirilməsi” mövzusunda keçirilən seminarda Avstriya, Belçika və Moldovadan olan beynəlxalq ekspertlər də iştirak ediblər.
Tədbirdə NRYTN-in informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, Azərbaycanda milli açıq açar infrastrukturunun texniki və hüquqi bazasının təkmilləşdirilməsi və Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə belə görüşlərin keçirilməsi olduqca faydalıdır. "Elektron imza", o cümlədən "Asan İmza" sertifikatlarının ölkələrarası qarşılıqlı tanınmasının təmin edilməsi və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən mühüm sənədlər imzalanıb və bu istiqamətdə zəruri işlər görülür.
NRYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov bildirib ki, Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının ekspertləri ilə yaradılan işçi qrupu tərəfindən elektron identifikasiya və etibarlı xidmətlər üzrə ölkəmizdə mövcud vəziyyət araşdırılıb və Avropa standartları nöqteyi-nəzərindən təhlil edilib.
O qeyd edib ki, ölkələrarası elektron imzaların qarşılıqlı tanınması üçün hüquqi və texniki bazanın təkmilləşdirilməsi vacib məsələlərdəndir.
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası üzrə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyadan istifadəsinə dair Konvensiya"sına qoşulub. Eyni zamanda, xarici ölkələrdə elektron imzanın qarşılıqlı tanınması məqsədilə 2018-ci il martın 6-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, artıq iki dövlət arasında elektron imzanın qarşılıqlı tanınması istiqamətində texniki işlərin aparılması üçün ekspertlər arasında dəyərləndirmə aparılır. Bir neçə ölkə ilə də danışıqlar davam etdirilir.
E.Əsədov, həmçinin qeyd edib ki, 2014-cü ildə Avropa İttifaqının elektron imza qanunvericiliyi təkmilləşdirilərək eIDAS-lə (elektron identifikasiya və etibarlı xidmətlər) əvəzlənib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda mövcud “Elektron imza” qanunvericiliyi Avropa İttifaqının 1999-cu il tarixli direktivinə uyğundur və bu səbəbdən müvafiq sahə üzrə ölkəmizdə təkmilləşdirilmə işlərinin aparılmasına zərurət yaranıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi barədə məlumat verib. Avropa İttifaqı ekspertləri ilə əməkdaşlıq nəticəsində hazırlanan təkliflərin Avropa İttifaqının müvafiq standartlarına uyğunlaşdırılmasını sürətləndirəcəyini bildirib.
Tədbir beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib.
Avstriya Parlament Administrasiyasının IT şöbəsinin rəhbəri Piter Richsteder “eIDAS: Avropa İttifaqı səviyyəsində status-kvo və trendlər”, Avstriya Elektron Hökumət İnnovasiya Mərkəzinin rəhbəri Arni Taubir “Mobil eID həlləri”, Belçikanın “Transtec” şirkətinin layihə rəhbəri Olqa Dimain “Elektron imza üzrə milli qanunvericiliyin eIDAS ilə uyğunlaşdırılması - mövcud vəziyyət, inkişaf və perspektivlər” və “Şəxsi məlumatların qorunması üzrə Avropa İttifaqının yeni standartları”, “Transtec” şirkətinin texniki eksperti Udo Linauer isə “eIDAS çərçivəsində etibarlı xidmətlər” mövzularında təqdimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışçılar bildiriblər ki, elektron xidmətlər üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq.
Bu səbəbdən ölkədə, bilavasitə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilən layihələr təqdirəlayiqdir və işin sürətləndirilməsinə xidmət edir.
Seminar müzakirələrlə davam edib.