ƏLİLLƏRİN PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ “MANEƏSİZ KİNO” BEYNƏLXALQ KİNOFESTİVALI
Festivalın yekunlarına əsasən, 11 film mükafata layiq görülmüşdür. Qran-pri mükafatını rejissor Pol Nadlerin “Zədələnmiş beyin” (Kanada) filmi qazanmışdır. Münsiflər heyətinin sədri kinorejissor Aleksandr Mitta qalibi elan edərək demişdir ki, film bir çox başqaları arasından ona görə seçilmişdir ki, burada həm mənəvi güc, həm iradə, həm yumor, həm də peşəkarlıq var.
Azərbaycanı festivalda İnnovasiyalar və Təhsil Mərkəzinin sifarişi ilə çəkilən və “Sosial reklamın ən yaxşı çarxı” nominasiyasında qalib gələn “Günəş” videoçarxı təmsil etmişdir.
Ən yaxşı qısametrajlı film rejissor Roza Rocersin “Bombeyə qayıdış” filmi (İngiltərə) sayılmışdır.
“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında rejissor Aleksey Poqrebnının “Dəmir Henri” filmi qalib gəlmişdir. Müsabiqəyə təqdim olunmuş 9 bədii filmdən ən yaxşısı rejissor Yusif Əli Xanın (Böyük Britaniya) 18 dəqiqəlik “Mələklərlə söhbət edərkən” filmi adlandırılmışdır.
Tamaşaçı rəğbəti mükafatı rejissor Tofiq Şahverdiyevin “Məhəbbət haqqında” filminə verilmişdir.
“Uşaqlar haqqında ən yaxşı film” nominasiyasında Qreqor Fedorovskinin “Gələn görüşlərədək” filmi qalib gəlmişdir.
“Məhəbbət haqqında ən yaxşı film” nominasiyasında birinci yer Tatyana Malovanın “İnsanlar haqqında” sənədli filminə verilmişdir. Festivalın ən yaxşı eksperimenti Cənubi Amerika rejissoru Şelli Berrinin çəkdiyi “Varlığın üçlük vəhdəti” poetik filmi olmuş, ən nikbin filmi isə ingilis rejissoru Alan Edirisinjin “Son dərəcə məzəli adamlar” filmi sayılmışdır.
Festivalda 20 ölkədən cəmi 100 film və çarx nümayiş etdirilmişdir.