Əlilliyi olan vətəndaşların tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin tərkib hissəsidir FOTO
Yevlax, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ölkəmizdə yeni reabilitasiya mərkəzlərinin yaradılmasını, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsini təmin edib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Təkcə ötən il əlilliyi olan şəxslər üçün Naftalan və Yevlax şəhərlərində Regional Bərpa mərkəzləri, Bakının Xəzər rayonundakı Mərdəkan Müalicə Pansionatı, həmçinin Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib. 2020-ci ildə daha 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri Yevlax Regional Bərpa Mərkəzinin fəaliyyəti ilə tanış olub, əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiya xidmətləri ilə maraqlanıb.
Bərpa mərkəzinin baş həkimi Sevinc Məmmədova bildirib ki, 2019-cu ilin noyabrında əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən mərkəzdə əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzin ikimərtəbəli binası akt zalı, idman zalı, duş zalı, hovuz, qəbul, fizioterapiya, parafin, masaj, vanna, palata və həkim otaqlarından, mətbəx, yeməkxana və sairdən ibarətdir. Yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edilən mərkəzdə Yevlax və ətraf rayonlardan olan vətəndaşlara fizioterapevtik üsulların tətbiqi əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Burada əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə işlər görülür, müasir və sınanmış metodika və texnologiyalardan da istifadə edilir. Mərkəzə əlilliyi olan xəstələrin qəbulu tibbi-sosial ekspert komissiyalarının göndərişi əsasında həyata keçirilir. Fəaliyyət göstərdiyi 2 ay ərzində mərkəzdə əsasən onurğa və ətraflarda problemləri olan, artroz, insult keçirmiş 40-a yaxın əlilliyi olan şəxs müalicə alıb.
Hazırda mərkəzdə 10 nəfər əlilliyi olan vətəndaş müalicə alır. Xəstələr terapevt qəbulunda olur, USM müayinəsindən, xəstəliklərə uyğun müxtəlif prosedurlardan keçirlər. Burada bütün prosedurlar ödənişsizdir. 10-15 gün müddətində müalicə alan xəstələr gündə 3 dəfə diyetik yeməklə təmin olunur.
Mərkəzdə müalicə alan vətəndaşlarla da həmsöhbət olduq. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasından, Yevlax Regional Bərpa Mərkəzində yaradılan şəraitdən, müalicənin gedişindən və göstərilən xoş münasibətdən razılıqlarını bildirib, bütün bunlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Mingəçevir şəhərindən gəlmiş Yavər Hüseynli deyib: "Onurğamda problem var. Üç gündür mərkəzdə müalicə alıram. Burada yaradılan şəraitdən, həkimlərin və digər işçilərin münasibətindən çox razıyam. Gəldiyim ilk gün ultrasəs müayinəsindən keçdim. Hər gün növbə ilə müxtəlif prosedurlarda oluram, idman edirəm. İnanıram ki, aldığım müalicə yaxşı nəticə verəcək".
Göyçay rayon sakini Adil Ələsgərov isə deyib: "Aşağı ətraflarımda hissiyyat, hərəkət yoxdur. Beş gündür buradayam. Müalicəvi idman, masaj, linfodrenaj və sair prosedurlardan keçirəm. Gündə üç dəfə yeməklə təmin olunuruq. Yaradılan şəraitdən çox razıyam".
Yevlax rayon sakini Səbuhi Allahverdiyevlə parafin otağında həmsöhbət olduq. "İnsult keçirmişəm. Bədənimin sol tərəfi quruyub. 10 gündür elektroforez, masaj, fotoforez, linfadrenaj kimi müalicə kurslarından keçirəm. Müalicə yaxşı nəticə göstərir. Artıq əllərimi, ayaqlarımı aça bilirəm", - deyə S.Allahverdiyev həkimlərdən razılığını bildirib.
Yevlax Regional Bərpa Mərkəzində yaradılan şərait, əlilliyi olan insanlara göstərilən tibbi-sosial reabilitasiya xidmətlərinin yüksək səviyyədə təşkili ölkəmizdə aparılan güclü sosial siyasətin bir nümunəsidir. Bütün bunlar onu göstərir ki, həyata keçirilən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır.