Elmi konfransda qida və tekstil sənayesinin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən ikinci respublika elmi-praktik konfransı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusuna həsr olunub.
Konfransda UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən danışıb. Prorektor ölkə iqtisadiyyatında sənaye sektorunun, o cümlədən qida və tekstil sənayesinin inkişafının təmin olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Pənah Muradov, “MKT İstehsalat Kommersiya” MMC-nin direktoru Əli Əsədov, Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, dosent Zəfər Cəfərov və Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanov ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivlərindən bəhs ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. İclaslarda qida və tekstil sənayesinin aktual məsələləri müzakirə olunub, texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik problemlərinə toxunulub.