Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ftiziatrlar üçün təlim təşkil edib
Bakı, 11 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı və Qlobal Fondun maliyyə dəstəyi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən ftiziatrlar üçün növbəti təlim keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə Sumqayıt, Xızı, Qobustan, Xaçmaz və Qusar xəstəxanalarında çalışan tibb işçiləri cəlb edilib.
Təlimdə çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Həqiqət Qədirova vərəm xəstəliyinin epidemiologiyası, patogenezi, aşkarlanma metodları və müalicəsi haqqında geniş məlumat verib. Təlim müddətində iştirakçılara pre-test və post-test suallar təqdim edilib.
Qeyd edək ki, bu günə qədər Bakı, Masallı və Gəncə şəhərlərində də vərəm sahəsində çalışan həkim-ftiziatrlar üçün təlimlər keçirilib.