ELMİ TƏDQİQATÇILAR ÜÇÜN MƏLUMAT GÜNÜ KEÇİRİLMİŞDİR
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdən məqsəd aspirant, dissertant və yenicə namizədlik dissertasiyası müdafiə etmiş gənc alimləri Avropa İttifaqının və dünyanın inkişaf etmiş ölkələrinin müxtəlif təşkilatlarının təhsil, ixtisasartırma və elmi əməkdaşlıq üçün yaratdıqları imkanlar barədə məlumatlandırmaqdan ibarətdir.
Azərbaycanda Avropa İttifaqının Elmi Çərçivə Proqramları üzrə MİDM-in rəhbəri Siyavuş Azakovun “Azərbaycan alimlərinin 6-cı Çərçivə Proqramı və İNTAS müsabiqələrində iştirakının təhlili” və “Avropa İttifaqının 7-ci Çərçivə Proqramı” mövzularında məruzələri dinlənilmişdir.
Ölkəmizdə gənc alimlərin Avropa layihələrində iştirakının vacibliyini vurğulayan S.Azakov, “İNTAS və Azərbaycan” layihəsinə 35 ərizə verildiyini və 9 layihənin qalib gəldiyini qeyd etmişdir. O vurğulamışdır ki, 7-ci Çərçivə Proqramı həm də inkişaf və rəqabətaparma qabiliyyəti üzrə Lissabon müqaviləsinin həyata keçirilməsi üçün əsas layihələrdən biridir.
Sonra qurumun türkiyəli nümayəndəsi Hüseyin Gülər çıxış etmişdir.
Azərbaycanda Avropa İttifaqının Elmi Çərçivə Proqramları üzrə MİDM-in əməkdaşı İlham Hümbətovun “Avropa elmi proqramlarında müvəffəqiyyətli iştirak üçün nə etmək lazımdır?” və AMEA–nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Anar Əzimovun “Avropa İttifaqının 7-ci Çərçivə Proqramında ictimai, iqtisadi və humanitar elmlər” mövzularında məruzələri dinlənilmişdir.
Sonda Azərbaycanda innovasiya fəaliyyəti və digər məsələlər haqqında müzakirələr aparılmışdır.