Elşad Hacıyev: Sabunçu rayonundakı məktəblərin birində uşaq oğurluğu ilə bağlı məlumatlar əsassızdır
Bakı, 24 yanvar, AZƏRTAC
Sabunçu rayonundakı məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır və təsdiqini tapmayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, idarənin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın - 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyənləşdirilərək polis idarəsinə gətirilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparılmadan əsassız yazılıb. İddialar dezinformasiyadır və təxribat xarakteri daşıyır.