Elxan Sadıxzadə: Tolerantlıq və multikulturalizm cəmiyyətin inkişaf potensialını müəyyən edən vacib amildir
Bakı, 23 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycanda İqlim dəyişikliyi və emissiyalar, su qıtlığı, şəhərlərdə temperaturun artması kimi problemlərə dair ekoloji şüur son illərdə artıb. Bu da cəmiyyəti müasir iqtisadi inkişaf modeli ilə harmonik vəhdətə çevirir, texnoloji inkişafa daha uyğun edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı-alim Elxan Sadıxzadə söyləyib.
O bildirib ki, son illərin ən mühüm nailiyyətlərindən biri yaşıl gündəliyin Azərbaycanda əsas prioritetlərdən birinə çevrilməsidir. Bu baxımdan COP29 mühüm rol oynayıb.
“İqtisadi dəyişiklik evolyusion prosesdir və mən bunu cəmiyyətin transformasiyasının tərkib hissəsi kimi görürəm. İqtisadi siyasət istiqamət verməlidir ki, gənclər yeni bacarıqlarla, yaşlı nəsil isə təcrübəsi ilə bu inkişafı vizuallaşdıra və nəticədə reallaşdıra bilsin. Misesin vurğuladığı kimi, dayanıqlı keçid üçün investisiya siqnallarının sağlam işləməsi vacibdir. Yəni hüquqi sabitlik, mülkiyyət hüquqları və bazar qiymət mexanizminin aydınlığı yeni enerji layihələrinə inam yaradır. Müasir dövrdə ideya yarışının getdiyi institusionallaşmış platformalarla yanaşı, ideya mübadiləsinin baş verdiyi şirkətlər də ölkə inkişafının lokomotivinə çevrilir. Bu prosesdə mədəni müxtəlifliyin də böyük töhfəsi var. Azərbaycan cəmiyyətində geniş dəstək alan multikulturalizmin çox önəmli yeri var. Tolerantlıq və multikulturalizm cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi olmaqla yanaşı, onun inkişaf potensialını və sərhədlərini müəyyən edən vacib amildir”, - deyə iqtisadçı-alim vurğulayıb.