Əmanətlərin Sığortalanması Fondu “Azərbaycan Kredit Bankı”nın kreditorlarina müraciət edib
Bakı, 19 oktyabr, AZƏTAC
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin yekunlaşdırılması ilə əlaqədar kreditorlarının diqqətinə çatdırır ki, tələblərini əldə etməmiş kreditorlar tələbləri üzrə ödənişləri noyabrın 4-dək Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına yaxınlaşaraq əldə edə bilərlər.
Fonddan AZƏRTAC-a bildirilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişinin nağdsız qaydada həyata keçirilməsini nəzərə alaraq müvafiq sənədləri və ödəniş üçün bank rekvizitlərini Əmanətlərin Sığortalanması Fonduna təqdim etsinlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 29 iyul tarixli 2-1(81)-3854/2015 nömrəli qərarına əsasən “Azərbaycan Kredit Bankı” ASC “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq məcburi ləğv olunub və “Azerbaijan İnternational Consaltinq Company” MMC banka ləğvedici təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 fevral tarixli 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən məcburi ləğv edilmiş “Azərbaycan Kredit Bankı” ASC-yə ləğvedici qismində təyin olunmuş “Azerbaijan İnternational Consaltinq Company” MMC-nin fəaliyyətinə xitam verilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.