Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Baş ofisinin Proqramlar Departamentinin müdir müavini Kristian Salazar və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüş keçirilmişdir.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycanda uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulamışdır. İcra olunan birgə proqramlardan söz açan nazir müavini bildirmişdir ki, hazırda təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ ölkənin uşaq qayğı sisteminin mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü islahatların aparılması ilə xarakterikdir.
Kristian Salazar Azərbaycanda uşaq hüquqları sisteminin təkmilləşdirilməsi və tətbiqi sahəsində həyata keçirilən siyasətin təqdirəlayiq olduğunu bildirmiş, Azərbaycan Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından söz açaraq, bu sənədin dövlət başçısı tərəfindən uşaqların müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti, birgə icra olunan proqramlar nəzərdən keçirilmiş, respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində prioritet layihələrdə UNİCEF-lə əməkdaşlığın gücləndirilməsi, gələn ilin may ayında Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və digər məsələlər müzakirə olunmuşdur.