SİYASƏT
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN MƏLUMATI
Aprelin 8-də İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının Yaşlaşma üzrə ikinci Dünya Assambleyası öz işinə başlamışdır. Aprelin 12-dək davam edəcək Assambleyanın işində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və İqtisadi İnkişaf Nazirliyinin investisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini Elşən Məmmədzadə daxildir.
Assambleya 20 il bundan əvvəl keçirilmiş I Dünya Assambleyasının nəticələrinin hərtərəfli təhlilinə, habelə XXI əsrdə yaşlaşma üzrə qlobal fəaliyyətin idarə edilməsi üçün beynəlxalq sənədin qəbul edilməsinə həsr olunmuşdur. Aparılacaq müzakirələr zamanı yaşlaşma prosesi ilə bağlı problemlərə qarşı cavab tədbirlərinin görülməsi, inkişaf etməkdə olan ölkələrdə yaşlaşma, gender və inkişaf məsələləri arasındakı əlaqə, yaşlaşmanın istiqamətləndirilməsi, bütün yaşlar üzrə özəl və ictimai əməkdaşlığın formalaşdırılması və nəsillər arasındakı həmrəyliyin gücləndirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdur.