İQTİSADİYYAT
Əmək və xidməti müqavilə ilə işləyən işçiyə ödənilən məbləğdən sığorta haqqı hesablanmalıdırmı?
Bakı, 12 sentyabr, AZƏRTAC
İşçi bir iş yerində əmək müqaviləsi ilə, digərində isə xidməti müqavilə ilə işlədikdə hər iki hal üzrə ödənilən məbləğdən icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanmalıdırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda istisna nəzərdə tutulmadığından həm əmək müqaviləsi üzrə, həm də mülki hüquqi müqavilələr əsasında fəaliyyət göstərən şəxslərin gəlirləri Qanunun müvafiq maddələri ilə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.
Belə ki, Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər çıxış edir və sığortalı tərəfindən işçinin əməkhaqqının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Qanunun müvafiq müddəalarına əsasən, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir və həmin şəxslərin gəlirlərinin 8 min manatadək olan hissəsinin 2 faizi, 8 min manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.