Əməkdar artist Almaz Orucova: Böyük Zəfərimiz Prezidentimizin məqsədyönlü siyasətinin, ümumxalq birliyinin nəticəsidir
Bakı, 2 noyabr, AZƏRTAC
Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən bir il ötür. Bu Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev siyasətinin, şanlı Ordumuzun gücünün, qüdrətinin nəticəsidir. Bu Zəfər ümumxalq birliyinin, həmrəyliyinin, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin nəticəsidir. Tariximizin qəhrəmanlıq səhifəsinə yazılan bu Qələbəmizlə biz öz müqəddəs arzumuzu həyata keçirə bildik. 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız azad olunub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Əməkdar artist Almaz Orucova vurğulayıb. A.Orucova deyib ki, bu gün Azərbaycan xalqı çox xoşbəxtdir, çünki 30 ilə yaxın əlimiz çatmayan doğma yurdumuza qayıtmışıq. İşğaldan azad olunan Zəngilan mənim doğma yurdumdur. Ömrümün ən xoş günləri, ən maraqlı, könülaçan xatirələrim Zəngilanla bağlıdır.
Oktyabrın 20-də Zəngilanın azad edilməsinin birinci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfər etməsi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri, doğma torpaqda aparılan quruculuq tədbirləri ilə tanış olması məni də ürəkdən sevindirdi, böyük ruh yüksəkliyi doğurdu. Doğma yurdda mənim də iştirak etdiyim həmin görüşlər bizə sevinc və qürur hissi bəxş etdi.
Bədnam ermənilər tərəfindən yerlə-yeksan edilmiş kənd və şəhərlərimizdə artıq geniş quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərimizdə müxtəlif obyektlərin təməli qoyulur, çox əhəmiyyətli layihələr reallaşdırılır.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışan Almaz Orucova qeyd edib ki, Vətən müharibəsi iki ölkənin birliyini bir daha dünyaya göstərdi. Qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bizim uğurumuz üçün əvəzsiz olub. Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə müdafiə edən Türkiyə Zəfərimizdən sonra da ölkəmizə öz dəstəyini göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfəri, işğaldan azad olunmuş ərazilərimizdəki tarixi görüşləri zamanı söylədiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” kəlamı sonsuz qürur hissi doğurur. İki qardaş ölkənin əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin təmin olunmasına, qonşu dövlətlərlə, Avropa ölkələri ilə əlaqələrin inkişafına daha geniş imkanlar yaradır. Xüsusilə Şuşa Bəyannaməsi mühüm tarixi əhəmiyyətə malikdir.
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq tədbirləri bu gün bizə xoş ovqat, sevinc, fərəh bəxş edir. Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi, Zəngilan Beynəlxalq Hava Limanının, Füzuli-Şuşa avtomobil yolunun inşası, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması regionun gələcək inkişafına əvəzsiz töhfələrdir.
Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı daha bir əlamətdar, tarixi hadisə idi.
Vətən müharibəsində xeyrin şər üzərində qalib gəldiyini qeyd edən Almaz Orucova vurğulayıb ki, Böyük Zəfərimiz Azərbaycan xalqının vətənpərvərliyini, doğma yurd sevgisini, qeyrətini, qəhrəmanlığını nümayiş etdirdi, milli qürurunu daha da yüksəltdi. Zəfərimiz tarixi bir şəxsiyyət kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin əhəmiyyətini, böyük sərkərdəlik bacarığını bir daha dünyaya göstərdi.
8 Noyabr - Zəfər Günüdür. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək... Tariximizin qəhrəmanlıq səhifəsinə yazılan Böyük Zəfərimiz bütün zamanlarda xalqımızın, millətimizin qürur mənbəyi olacaq. Biz Böyük Zəfərimizlə dünyaya göstərdik ki, həqiqətən də Qarabağ Azərbaycandır!