İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşlarla görüşəcəkdir
Bakı, 10 aprel (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da Gəncə şəhərində Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalan rayonlarından olan vətəndaşlarla görüşəcəkdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, görüşdə dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılacaqdır.
Vətəndaşların komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər qurumun müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaqdır.
Komitə sədrinin növbəti aylarda da respublikanın digər bölgələrində vətəndaşlarla görüşləri keçiriləcəkdir.