Əqli Mülkiyyət Agentliyində Zəfər Günü qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək tarixi qələbəyə qədər keçilən yoldan və qələbədən sonra həyata keçirilən möhtəşəm quruculuq işlərindən danışıb. O qeyd edib ki, otuz ilə yaxın Ermənistan hərbi birləşmələrinin işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində azad olunub. Prezident İlham Əliyevin ordu quruculuğunda həyata keçirdiyi islahatlar, diplomatiya sahəsində qazandığı uğurlar, ölkəmizin sosial-iqtisadi sahədə yüksəlişi addım-addım bizi bu Zəfərə yaxınlaşdırırdı. Beləliklə, otuz il ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrəti ilə yaşadıq. Lakin 44 günü qürur və həyəcanla, 23 saat 43 dəqiqəni şərəf və sevinclə yaşayaraq qələbəyə nail olduq. Milli qürurumuz qaytarıldı, başımız uca oldu. Bütün bunları bizə Prezident, Ali Baş Komandan İlham Əliyev bəxş etdi. İndi azad olmuş torpaqlarımıza Böyük Qayıdış başlayıb. İnsanlar öz ata-baba yurdlarına dönürlər.
Kamran İmanov qeyd edib ki, qələbə sevincini öz canı və qanı bahasına bizə yaşadan şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq. Dövlətimiz onların ailələrinə, eləcə də qazilərimizə daim diqqət və qayğı göstərir. Bu Zəfər son 200 ildə bizim ən böyük qələbəmizdir və biz öz torpaqlarımızda sülh və əmin-amanlıq içində yaşamaq istəyirik. Separatizmə, işğalçılığa hər zaman yox deyirik.
Müharibə veteranları və tədbir iştirakçıları 8 Noyabr - Zəfər Günü ilə bağlı ürək sözlərini çatdıraraq diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentlikdə çalışan müharibə veteranları ilə bağlı xüsusi əmr imzalayıb.