“ƏQLİ MÜLKİYYƏT VƏ MƏDƏNİ İRSİN QORUNMASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
“Əqli mülkiyyət və mədəni irsin qorunması” mövzusunda keçirilən tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, hər iki əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişdir. Mövzunun əhəmiyyətindən danışan nazir vurğulamışdır ki, müəlliflik hüquqlarının qorunması, eyni zamanda, mədəni-mənəvi irsimizin saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Biz mədəni-tarixi abidələrimizi beynəlxalq aləmdə tanıtmaq üçün xeyli iş görməliyik. Əks halda, ermənilərin istər mədəni-tarixi, istərsə də mənəvi abidələrimizə iddiası bundan sonra da davam edəcəkdir. Bunun yeganə yolu əqli mülkiyyətimizə və mədəni irsimizə sahib olmaqdır.
Nazir bu problemin həllində birgə fəaliyyətin vacibliyini diqqətə çatdırmışdır.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə yaradılan milli müəlliflik hüququ sisteminin tarixi artıq 10 ili ötmüşdür. Hazırda bu sahədə 4 qanun qüvvədədir. Bununla yanaşı, Azərbaycan Respublikası müəllif hüququ və əlaqəli hüquqlar sahəsində bütün mövcud beynəlxalq Konvensiyalara qoşularaq, geniş beynəlxalq mübadilə aparır.
Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqları sahəsində hazırda Azərbaycanın MDB məkanında ən zəngin hüquqi bazaya malik olduğunu deyən agentliyin sədri diqqətə çatdırmışdır ki, onlar qanunvericilik və normativ hüquqi bazanın 2005-ci ildəki təkmilləşdirmə istiqamətlərinə əsasən, rəqəmli mühitdə bu hüquqların qorunması və idarə olunmasına, o cümlədən kollektiv əsasda idarəetmənin təşkilinə daha çox diqqət vermişlər.
Dövlət qeydiyyatından keçirilmiş və reyestrlərə daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı haqqında informasiyaların sistemləşdirilərək, cari ildə buraxılacaq bülletendə yer alacağını diqqətə çatdıran K.İmanov bildirmişdir ki, 2005-ci ildə dövlət qeydiyyatından keçirilmiş əsərlərin sayı ötən illərlə müqayisədə xeyli artmışdır. Müasir dövrün inkişaf tendensiyalarına uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, elmi əsərlərin, kompyuter proqramlarının, məlumat bazalarının və multimedia məhsullarının qeydiyyatındakı artım tempi də saxlanılmışdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri Çingiz Əlioğlu, Telman Kərimli, Agentliyin müəllif hüquqlarının qorunması şöbəsinin müdiri Xudayət Həsənli məruzə etmişlər.
Axırda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.