Ərəb mətbuatı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini geniş işıqlandırıb
Əbu-Dabi, 30 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Zawya” qəzeti, “24ae”, “dotemirates”, “mebusines” elektron nəşrləri, İordaniyanın “Al-Ray” qəzeti, “Royah”, Küveytin “alwasat” internet portalı və digər ərəb nəşrləri mayın 29-da Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindən məlumatlar dərc ediblər.
AZƏRTAC-ın məlumatına görə, ərəb KİV-ləri ölkə Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etməsindən, bu qlobal layihənin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və qazla təmin edilməsi üçün böyük əhəmiyyətindən yazırlar.
Məqalələrdə qeyd olunur ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir və onun icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub. Cənub Qaz Dəhlizinin icrası beynəlxalq əməkdaşlıq sayəsində başa gəlib. Azərbaycan qazı təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nəhəng qaz mənbəyi olan “Şahdəniz” yatağından Avropa bazarlarına qazın nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin həyata keçirilməsini “Avropanın enerji xəritəsini yenidən tərtib edən layihəsi” adlandırması oxucuların diqqətinə çatdırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi