Erkən nikahlar insan hüquqlarının pozulmasıdır
Cəlilabad, 25 noyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda “Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Erkən nikahlar insan hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, idarə, müəssisə əməkdaşları və gənclər iştirak ediblər.
Ziya İsmayılov gənclər arasında ailənin və nikahın əhəmiyyəti, ailənin qorunması və möhkəmləndirilməsi, erkən nikahın və onun yaratdığı problemlər barədə geniş məlumat verib. Qeyd edib ki, erkən nikahların yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları olur. Bu cür hallar insan hüquqlarının pozulmasıdır.
Çıxışlarda gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, onların bilik və bacarıqlarını inkişaf etdirən layihələrin həyata keçirilməsi, zərərli vərdişlərə və erkən nikahlara qarşı mübarizədə yeniyetmə və gənclərin elmi biliklərə və təhsilə yiyələnmələrinin mühüm əhəmiyyəti və vacibliyi diqqətə çatdırılıb.
Mövzu ilə əlaqədar videoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.