ERMƏNİSTAN YOXSULLARI NƏ KİMİ SEÇİM EDƏCƏKLƏR?
Ermənistanda prezident seçkiləri günü Almaniyanın “Frankfurter Rundşau” həftəlik qəzeti “Yoxsullar üçün sığınacaq olan Ermənistanın seçimi var” sərlövhəli məqalə dərc etmişdir.
Məqalədə deyilir ki, “əgər seçkilərin texniki cəhəti həlledici olsaydı, onda açıq demokratiya tərəfdarlarının sevinməyə əsası olardı: ATƏT-in əməkdaşları prezident seçkilərinin keçirilməsi üçün 2000 şəffaf seçki qutusu paylamışlar. Buna baxmayaraq, ABŞ-ın Yerevandakı səfiri xəbərdarlıq etmişdir ki, seçicilərin səslərinin saxtalaşdırılması beş faizi keçsə, qalibi tanımayacaqdır”. Məqalədə daha sonra deyilir ki, “xəbərdarlıq təsadüfi deyildi. Dövlət televiziyası rəhbərinin qətlə yetirilməsi və müxalifət qərargahı rəhbərini öldürmək cəhdi göstərmişdir ki, “seçki mübarizəsi” Ermənistanda sözün əsl mənasında başa düşülür”.
Qəzet Ermənistanda seçkiqabağı kampaniyanın incəlikləri barədə oxucularını məlumatlandıraraq yazır: prezident vəzifəsi uğrunda doqquz bərabər namizəd mübarizə aparır, amma bir namizəd bütün başqalarından, hər halda, “daha üstündür”. İndiki Prezident Robert Koçaryan “inzibati ehtiyatlar”dan istifadə edir. ATƏT bu ölkədəki seçki kampaniyası haqqında məruzəsində nəzərə çarpdırır: “məmurlar, məktəblilər, müəllimlər, tələbələr və fəhlələr seçkiqabağı kampaniya çərçivəsində keçirilən tədbirlərdə çıxış etməli və dövlət televiziyasının jurnalistlərinə prezidentə məftun olduqlarından danışmalıdırlar. Buna görə də ehtimal etmək olar ki, onların çoxundan seçki kabinələrində Koçaryana səs vermək də tələb olunmuşdur”.
Almaniya qəzeti Ermənistandakı iqtisadi vəziyyəti araşdıraraq vurğulayır ki, burada cəmi üç milyon sakin var. Bu ölkədə neft yoxdur, o, “terrorizmə qarşı mübarizə”də ümdə rol oynamır. Buna baxmayaraq, xaricdə seçkilərin gedişini izləyirlər. Cürbəcür fırıldaqlar nəzərə alınmadan da əsas namizəd sayılan Koçaryan 2002-ci ilin axırlarında Dünya Bankı tərəfindən təsdiqlənmiş heyrətamiz iqtisadi inkişaf göstəriciləri - 12 faizdən yuxarı artım və “son 100 ildə ilk dəfə” büdcənin icra olunduğunu nümayiş etdirə bilmişdir. Koçaryan bununla çox öyünür.
Lakin məqalədə bu ölkənin belə xoş perspektivlərinə şübhə ilə yanaşılır, çünki “adambaşına orta gəlir 40 avrodur. Ermənistan hər il 500 milyon avro borc götürür, bütün borcları isə təxminən bir milyard avrodur. Vəziyyət o dərəcədə gərgindir ki, Ermənistan 2002-ci ildə beş iri müəssisəsini Rusiyaya satmış, fevralın əvvəllərində isə yeganə atom elektrik stansiyasına nəzarəti də ona vermişdir. Yerevanda yaşayış evlərinin ancaq onda bir hissəsi qızdırılır”.
Qəzet daha sonra yazır ki, “hesablamalara görə, əgər xaricdə dörd milyon erməni yaşamasaydı və onlar Ermənistandakı qohumlarına hər ay pul göndərməsəydi, ölkə artlq çoxdan müflisləşərdi”. Qəzet sözünə qüvvət olaraq pensiyaçı qadın Manuşak Vardanyanın sözlərini misal gətirir. O, London Müharibə və Sülh Problemlərinin Tədqiqi İnstitutunun əməkdaşına demişdir: “Mən ayda yeddi avro alıram. Əgər nəvəm hər ay Moskvadan mənə 100 dollar göndərməsəydi, əl açıb dilənməyə məcbur olardım”.