ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ BÜTÜN BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTDİR
AZƏRTAC xəbər verir ki, Almaniyanın sabiq dövlət katibi Otto Hauser bu fikri Bakıda keçirilmiş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfransda səsləndirmişdir.
Konfransda çıxış edən O.Hauser demişdir ki, demokratik inkişaf yolu seçmiş Azərbaycan Avropa ilə əməkdaşlıq əlaqələri qurur. Ölkədə demokratiyanın nailliyyətləri göz qabağındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təkcə dövlət müstəqilliyinin möhkəmləndirilməsində deyil, həm də ölkənin demokratik inkişaf yolunun müəyyən edilməsində mühüm rol oynamışdır. Bu görkəmli dövlət xadiminin əsasını qoyduğu geostrateji siyasətdə qərbyönümlülük əsas istiqamət kimi müəyyən olunmuşdur.
Azərbaycan hazırda Avropa Şurasının üzvüdür və ölkədə Avropa dəyərlərinin tətbiqi və inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bir avropalı kimi mən Azərbaycana əl uzatmaqdan, onunla əməkdaşlıqdan məmnunam.
İstənilən əməkdaşlığın iki tərəf arasında bərabərhüquqlu münasibətlərin formalaşmasına əsaslandığını vurğulayan Otto Hauser Azərbaycanın qitənin enerji təhlükəsizliyində fəal iştirak etdiyi kimi, Avropa ölkələrinin və Amerikanın da bu ölkənin problemlərinin həllində fəallıq göstərməsinin vacibliyini vurğulamışdır.
O demişdir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması yolverilməzdir. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. O.Hauser bir daha Avropa ölkələrini və Amerikanı Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsi üçün təcili tədbirlər görməyə çağırmışdır. O, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda sülhün bərpa edilməsinin bütün regionun inkişafına təkan verəcəyinə əmin olduğunu söyləyərək demişdir ki, bu konfrans demokratik inkişaf yollarının müəyyən edilməsində mühüm rol oynayacaqdır.