Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir
Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir
Bakı, 12 noyabr, AZƏRTAC
Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib.
Sədr müavini qeyd edib ki, belə təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir. Bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin son vaxtlar yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, belə addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir. Ermənistan tərəfi noyabrın 9-da da 60-a yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd edib, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir.
“Vətən müharibəsində hərbi potensialının səksən faizini itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki Vətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı Qələbəsi ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.