“ƏSA” teatrından sosial videoçarx - Sevgi, hörmət və bərabərlik naminə! VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
“ƏSA” teatrı fiziki məhdudiyyətli şəxslərlə bağlı sosial videoçarx hazırlayıb.
Bu barədə AZƏRTAC-a teatrın baş meneceri Nicat Qulam məlumat verib.
O deyib: “ƏSA” teatrı olaraq qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək göstərməli, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir”.
Qeyd edək ki, 2016-cı ilin sentyabrın 3-də təsis olunan “ƏSA” teatrı ötən ilin dekabrın 19-da sayca üçüncü tamaşasını təqdim edib. ABŞ yazıçısı Con Steynbekin eyniadlı povesti əsasında hazırlanan tamaşa - “Adamlar və Siçanlar” ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.