Estoniyada sənaye müəssisələrinin istehsal həcmi yenidən artıb
Tallin, 11 avqust, AZƏRTAC
Sənayenin bütün sektorlarında istehsalat həcmi artıb artıb: mədənçıxarma sənayesində 19 faiz, enerji sektorunda 14 faiz və emaledici sənayedə 10 faiz.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Statistika Departamenti yayıb.
Statistika Departamentinin analitiki Helle Bunderi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı aprel ayından başlayaraq artıb.
Bildirilib ki, sənaye müəssisələri carı ilin iyun ayında 2020-ci ilin müvafiq ayına nisbətən 11 faiz daha çox məhsul istehsal edib.
“İyun ayında mədənçıxarma sənayesində torf hasilatı və daş çıxarma istehsalında müsbət artımı qeyd etmək olar. Ötən ilin iyun ayına qədər koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra sənayenin canlanması müşahidə olunub”, - deyə analitik Helle Bunder söyləyib.
Bildirib ki, ölkədə bir çox emaledici sənaye sahələrində istehsal artıb. Daha əhəmiyyətli sənaye sahələri arasında ağac emalı (14,8 faiz) və metal məmulatları (13,4 faiz), həmçinin rezin və plastik məmulatlar (38,7 faiz), elektrik avadanlıqları (21,4 faiz), qida məhsulları (2,1 faiz) və tikinti materialları istehsalında (27,1 faiz) artım qeydə alınıb. Bununla yanaşı elektron avadanlıqların istehsalı azalıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin