“Eynulla səsinin möcüzəsi” kitabının təqdimatı olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Vahid Sarıyev adına Şüşün kənd tam orta məktəbində yazıçı-jurnalist Tofiq Abdullayevin “Eynulla səsinin möcüzəsi” adlı kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən bildirilib.
Tədbiri muzeyin Aran Regional filialının müdiri Yaqut Bahadurqızı açaraq xanəndə Eynulla Cəbrayılovun Azərbaycan musiqi mədəniyyəti tarixində mövqeyindən danışıb, onun sənət irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Yaqut Bahadurqızı yazıçı-jurnalist Tofiq Abdullayevin muğam bilicilərindən, respublikanın tanınmış ziyalılarından, ustad xanəndənin sənətinin vurğunlarından topladığı xatirələr əsasında ərsəyə gətirdiyi kitabın əhəmiyyətini qeyd edib.
Sonra Tofiq Abdullayev çıxış edərək Eynulla Cəbrayılovun həyat və yaradıcılıq yolunun araşdırılmasından söz açıb.
Digər çıxış edənlər sənətkarın şəxsiyyətindən, el məclislərində, konsertlərdə ifasından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra sənətkarın yetirmələri Hüseynqulu Hüseynov və Rəşad Hüseynov xanəndənin repertuarından musiqi nömrələri ifa ediblər.
Tədbirdə Eynulla Cəbrayılovun səs yazıları səsləndirilib, sənət yolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonda sənətkarın övladı Mahir Cəbrayılov kitabın ərsəyə gətirilməsinə görə təşəkkürünü bildirib.