ƏZVAY QAN KÖÇÜRÜLƏNƏDƏK İNSANIN HƏYATINI XİLAS EDƏ BİLƏR
Təcrübə göstərmişdir ki, əzvay yarpaqlarının tərkibindəki yapışqan maddə çoxlu qan itkisindən sonra orqanın həyat fəaliyyətini müəyyən müddət ərzində qoruyub saxlaya bilir. Həmin maddənin tərkibində külli miqdarda polisaxaridlər - mayelərin xassəsinə təsir göstərən yüksək molekulyar karbohidratlar var. Bunun sayəsində əsasını əzvay ekstraktı təşkil edən məhlul oksigen molekullarının qırmızı qan cisimciklərindən toxumalara daha asan keçməsini təmin edir.
Alimlər siçovullar üzərində təcrübə aparmışlar. Siçovullardan müəyyən qədər qan buraxıldıqdan sonra onlara ya fizioloji məhlul, ya da əsasını əzvay təşkil edən məhlul yeridilmişdir. Fizioloji məhlul qəbul etmiş on dörd siçovuldan yalnız biri iki saat yaşaya bilmişdir. Əzvay vurulmuş on beş siçovuldan beşi bu müddət ərzində “tab gətirə bilmişdir”. Qismən qansızlaşdırıldıqdan sonra heç bir yardım göstərilməyən heyvanların isə hamısı yarım saat ərzində tələf olmuşdur.
Tədqiqatçıların fikrincə, qanaxmanın insan həyatı üçün təhlükəli nəticələrindən dərhal xilas olmaq üçün bədənə az miqdarda məhlul yeritmək kifayətdir. Tədqiqata başçılıq etmiş intensiv terapiya və reanimasiya professoru Mitçell Fink deyir ki, indi zərərçəkənlər xəstəxanaya çatdırılana qədər həkimlər onlara yardım göstərmək üçün özlərində az miqdarda məhlul saxlaya bilərlər.