Faiq Həsənov: Prezident İlham Əliyev şahmatın inkişafına xüsusi qayğı göstərir
Bakı, 17 oktyabr, AZƏRTAC
“Dünya çempionluğu Azərbaycan xalqı üçün böyük uğurdur. Bu, İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin 20 illik yubileyinə ən layiqli töhfə oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov U-20 dünya çempionatında qızıl medal qazanan Gövhər Beydullayeva və Məhəmməd Muradlının qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
AŞF rəsmisi bildirib ki, dövlət başçısı ölkədə şahmatın inkişafına xüsusi qayğı göstərir: “Prezidentimizin şahmatçılara dəstəyi bizi belə yüksək nəticələr əldə etməyə vadar edir. Ali Baş Komandanın müdrik siyasəti nəticəsində ölkəmiz ərazi bütövlüyünü bərpa edə bildi. Həmçinin Azərbaycan Şahmat Federasiyası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini Ümummilli Liderə həsr olunmuş yarışlarla qeyd etdi”.
F. Həsənov Azərbaycanda şahmat məktəblərinin tikilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu il şahmatçılarımız Avropa çempionatından 4 qızıl medalla qayıtdılar. Həmçinin məktəblilərimiz də bu turnirdə 6 medal qazandılar. Dünya çempionu olan şahmatçılarımızın qələbəsini isə xüsusi qeyd etmək istəyirəm. Çalışacağıq ki, ilin sonuna qədər yarışlardan yenə medallarla qayıdaq”.