Fariz İsmayılzadə: Universitet illəri gələcək liderlərin etik və ekoloji dəyərlərini formalaşdırır
Bakı, 5 fevral, AZƏRTAC
Universitet illəri gələcək biznes və dövlət liderlərinin etik və ekoloji dəyərlərinin formalaşmasında həlledici rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin prorektoru və Milli Məclisin deputatı Fariz İsmayılzadə “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi” çərçivəsində keçirilən panel sessiyada çıxışında deyib.
Fariz İsmayılzadə bildirib ki, universitetlər tələbələrin düşüncə tərzini formalaşdırır, onların sosial məsuliyyət, yaşıl enerji, ekoloji təmizlik və davamlı inkişaf prinsiplərinə dair biliklərini artırır. O əlavə edib ki, tələbələr bu dövrdə sosial layihələrdə iştirak edərək ağac əkir, enerjini qoruyur, tullantıları ayırır və su ehtiyatlarını səmərəli istifadə etməyi öyrənirlər.
Prorektor vurğulayıb ki, ADA Universiteti sənaye müəssisələri ilə əməkdaşlıq edərək, tələbələr və müəllim heyəti üçün yaşıl enerji və bərpaolunan enerji texnologiyaları üzrə laboratoriyalar yaradır. Belə təşəbbüslər çərçivəsində universitet günəş panelləri və geotermal qurğularla bağlı layihələr həyata keçirir, kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq edərək su ehtiyatlarının səmərəli istifadəsi və məhsulun iqlim dözümlülüyünün artırılması istiqamətində texnoloji həlləri inkişaf etdirir.
Fariz İsmayılzadə qeyd ki, bu yanaşma tələbələrin yalnız nəzəri biliklər əldə etməsinə deyil, həm də praktik bacarıqları inkişaf etdirməsinə imkan yaradır, gələcəkdə onların məsuliyyətli və ekoloji şüurlu liderlər kimi formalaşmasına xidmət edir.