“fDi MAGAZİNE” JURNALI AZƏRBAYCANDAN YAZIR
Birinci məqalədə deyilir: “Azərbaycanın beynəlxalq biznes aləmində yüksələn ulduzu təkcə Avropanın Şərqdə dayağı, etibarlı tərəfdaşı və neft istehsalçısı olmasından ibarət deyildir. Ölkədə kənd təsərrüfatından tutmuş maddi-texniki təchizat və telekommunikasiya sahələri ilə bağlı birbaşa xarici investisiyalar (BXİ) böyük əks-sədaya səbəb olub. Azərbaycanın regionda strateji mövqeyini, tayı-bərabəri olmayan mədəniyyətini nəzərə alsaq, yaxın gələcəkdə bir sıra investorlar üçün imkanların yaradılması gözlənilə bilər”.
Həyata keçirilən beynəlxalq layihələrin ölkənin regionda aparıcı mövqeyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulandıqdan sonra məlumat verilir ki, “Doqquz müxtəlif iqlim qurşağı - subtropikdən dağlaradək - Azərbaycanın ərazisindən keçir və regionların əksəriyyəti inkişaf ərəfəsindədir”. Məqalədə xatırladılır: “Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının 2005-ci il Ümumdünya İnvestisiyalar Haqqında Hesabatında 2004-cü ilin birbaşa xarici investisiya göstəricilərinə görə Azərbaycan birinci yeri tutmuşdur”.
Müəllif Azərbaycanda aparılan iqtisadi islahatlara da toxunur: “Biznes sektorunda vacib islahatlar Prezident Heydər Əliyev ölkəsini irəli aparmağa çalışdığı və beynəlxalq şirkətlərlə ilk sazişi imzaladığı 1994-cü ildə başlandı”.
Bu yazıda Bakıya geniş yer verilmişdir. “Davamlı inkişaf”, “İqtisadi yüksəliş şəhəri”, “Mükafat qazanan şəhər” bölmələri məhz paytaxtımıza həsr olunmuşdur və burada Bakının zəngin tarixi, geniş inkişaf potensialı haqda məlumat verilir. Sonuncu bölmə ilə bağlı qeyd edək ki, bir müddət əvvəl “fDİ magazine” Bakını “Şərqi Avropada gələcəyin investisiya şəhəri - 2006-2007” mükafatı ilə təltif etmişdi.
“Ticarət və mədəniyyətlərin yolayrıcında” məqaləsi bu cümlələrlə bitir: “Azərbaycanın müasir iqtisadi yüksəlişi 1994-cü ildə transmilli neft şirkətlərinin gəlişi ilə başlandı və bu, xarici kapitala imkan verdi ki, kənd təsərrüfatından turizmədək müxtəlif sahələrdə iştirak etsin”.
“Qədim cənazələr və Azərbaycan xəyalları” məqaləsi “Unudun Azərbaycan neft sənayesinin qara qızılını - Azərbaycanın əsil sərvəti onun Hind-Avropa sivilizasiyasının doğulduğu yer kimi mədəni statusudur” cümləsi ilə başlayır. Materialda Azərbaycanın geniş turizm imkanlarından bəhs olunur. Məqalədə müəllifin bələdçisi kimi çıxış edən AZPROMO-nun ixracın təşviqi üzrə direktoru Elşən Qurbanovun turizmin inkişafına dair fikirləri də öz əksini tapmışdır. Müəllifin Qobustan qoruğuna səfərinə həsr olunmuş bölmə səmimiyyəti ilə diqqəti cəlb edir.
Qeyd edək ki, məşhur Financial Times Group tərəfindən nəşr olunan “fDi magazine” qloballaşan biznesin ən çox diqqət yetirdiyi, ABC tərəfindən sertifikatlaşdırımış nəşrlərdən biridir və iki ayda bir dəfə 15 min tirajla nəşr olunur. Birbaşa xarici investisiyalar sahəsində ən etibarlı informasiya mənbəyidir.