Fərhad Cabbarov: Bizim Türkiyəyə can yanğımız tükənməzdir
Bakı, 14 fevral, AZƏRTAC
Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan xalqı və dövləti daim qardaş ölkənin yanında olduğunu bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən xilasedicilərimiz həmin çətin məqamda dərhal zəlzələ bölgəsinə gedərək axtarış-xilasetmə işlərinə başladılar. Azərbaycanda hamı can yanğısı ilə ayağa qalxdı, qardaş ölkəyə öz dəstəyini vermək üçün qətiyyət göstərdi.
Bu sözləri AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov bildirib. F.Cabbarov qeyd edib ki, şəhər və qəsəbələrimizdə, kəndlərimizdə Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə isti geyim, yorğan-döşək, müxtəlif avadanlıqlar toplanıb qardaş ölkəyə çatdırıldı və bu iş indi də davam etdirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən zərərçəkənlərə geniş şəkildə yardım kampaniyası təşkil olunub. Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər göndərilib. Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Bizim çətin günümüz də birdir, xoş günümüz də. Biz bütün gücümüzlə Türkiyəyə hər zaman öz dəstəyimizi verəcəyik. Bu, bizim qardaşlıq borcumuzdur. Bizim Türkiyəyə can yanğımız tükənməzdir.