Fevral ayının sənət zənginliyi “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsində
Bakı, 31 yanvar, AZƏRTAC
“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin fevral nömrəsi çapdan çıxıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəşrin yeni çapdan çıxan fevral buraxılışında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də paytaxtda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının ay ərzində göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür.
Bundan əlavə, fevral ayında Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında, Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının zalında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Nizami Kino Mərkəzində yeni filmləri izləmək istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Fevral ayında paytaxtımızın müxtəlif ölkələrdən sənətçi qonaqları da olacaq. Onların iştirak edəcəyi tamaşa və konsertlər barədə məlumatlar “Afişa”da yer alıb. Bu ay 75 illiyini qeyd edən görkəmli musiqiçi, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti yubiley münasibətilə Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq. “Afişa”nın üz qabığı bu dəfə həmin tamaşaya ayrılıb.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin fevral nömrəsi bu gündən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr də əldə də edə bilərlər. Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin təşkilində onlara informasiya dəstəyi verməkdir.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” Bakı şəhərinin mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.