Fevralın 3-də Yaponiyada Setsubun bayramı qeyd olunur
Tokio, 3 fevral (AZƏRTAC). Fevralın 3-də Yaponiyada qədim bayramlardan sayılan Setsubun Günü qeyd olunur.
“Oni va-a-a soto! Fuku va-a-a uti!” - “Qəzəbli ruh, evi tərk et! Xoşbəxtlik, buyur evə!” mənasını verən bu sözlər həmin gün ölkənin əksər məbədlərində, yaponların mənzillərində uca səslə deyilir. Həmin sözlər qovrulmuş soya paxlalarının atılması ilə müşayiət olunur. Soya paxlasının atılması ilə evə xoşbəxtliyin dəvət olunması Setsubunun əsas ayinlərindən sayılır. Setsubunun bayram edilməsi isə Yaponiyada ən qədim və ən maraqlı ənənələrdəndir. Bu anlayışı İn-yan Çin fəlsəfəsi ilə əlaqələndirirlər. Bayramın əsasında bir-birini inkar edərək yaranışın kökündə dayanan iki əkslik, iki ziddiyyət - qaranlıq və işıq, mənfi və müsbət, fəal və passiv, qadın və kişi dayanır. Qədim yaponlar hesab edirdilər ki, fəsillərin birləşdiyi vaxt bu iki yaradıcı qüvvə bir-birinə qarşı dayanır və bu, müxtəlif bədbəxtliklərin baş verməsinə səbəb ola bilər. Setsubun sözü bir fəslin digəri ilə dəyişməsi ilə bağlıdır. Ənənəvi olaraq Yaponiyada fevralın 3-dən 4-nə keçən gecəni, ay təqvimi ilə baharın gəlişini bildirən Rissin gününün ərəfəsini belə adlandırırlar. Əfsanəyə görə, qədim zamanlarda şeytanların və qəzəbli ruhların törətdiyi epidemiya çoxsaylı insan tələfatına səbəb olurmuş. Onlardan yalnız qovrulmuş soya paxlalarını atmaqla xilas olmaq mümkün imiş. Buradan da qəzəbli ruhları qovmaq üçün mame-maki ayini yaranmışdır. Qədimdə ay təqviminə görə mame-make ayini ilə Yeni ili qarşılayırmışlar. Həmin ayin indi də qəzəbli ruhları qovmaq, xoşbəxtliyi, əmin-amanlığı və uğuru evə dəvət etmək üçün icra olunur. Qəzəbli ruhların qovulması ayini Yaponiyanın demək olar ki, bütün məbədlərində icra olunur. Ayinin icrasından əvvəl uşaqlar ruhların geyimində olan kişiləri soya paxlaları ilə vururlar.
Adətən ayini şəhərin nüfuzlu, hörmətli insanları - məşhur artistlər, siyasətçilər, sumo güləşçiləri başlayırlar. Ənənəvi bayram paltarı geyinmiş həmin insanlar ağ kağıza bükülmüş soya paxlalarını qutulardan götürərək camaata atırlar. Bütün bu hərəkətlər çox əyləncəli keçir və böyük hay-küylə müşayiət olunur.
Həmin gün atılmış soya paxlalarının miqdarı da həddindən artıq çox olur. Məsələn, Narita-san məbədində mame-maki ayini zamanı bir tondan artıq soya paxlası atılır.
Fevralın 4-də isə yaz qədəmlərini gündoğar ölkəyə qoyur...
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio