FHN Dövlət Yanğın Nəzarəti Xidməti Göyçay şəhərində qanun pozuntusunun qarşısını alıb
Bakı, 2 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkəmizdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirləri davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhərində yerləşən “Göyçay Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkarlanan nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, yanğın təhlükəli vəziyyətdə istismarına yol verildiyi aşkarlanıb. Həmçinin obyektin normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilmədiyi, habelə tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və daxili yanğın su kranlarının quraşdırılmadığı, yanğın su hovuzunun saz vəziyyətə gətirilmədiyi müəyyənləşdirilib. Bundan başqa, tikilinin isidilməsi üçün standartlara uyğun olmayan sobalardan istifadə edildiyi, ərazinin quru otlardan və kol-kosdan təmizlənmədiyi, istehsalat prosesində əmələ gələn tullantının, yanar materialların obyektin ərazisində yığıldığı aşkarlanıb.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsinin orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək ətraf ərazilərə yayılaraq faciəni qaçılmaz edəcəyi nəzərə alınaraq müvafiq qərar qəbul edilib. Qərara əsasən, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı “Göyçay Aqrotexservis” ASC-nin ağac emalı sexində xidmətlərin göstərilməsi və işlərin görülməsi dayandırılıb.