FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin hesabat iclası keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin 2019-cu ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin humanitar məsələlər üzrə analitiki Elgün Tağıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) icraçı katibinin müavini Səbinə Məhbubi-İran, Cəmiyyətin fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə və Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti iştirak ediblər.
FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, Beynəlxalq axtarış-xilasetmə dəstəsinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev tədbirdə çıxış edərək ötən il görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, nazirliyin ildən-ilə genişlənən maddi-texniki bazası və kadr potensialı FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyətində uğurların əldə olunmasına zəmin yaradıb. Nazirliyin mövcud imkanlarından yararlanaraq, FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ötən il həm xarici ölkələrdə, həm də respublikamızda keçirilən təlim və kurslarda iştirak edib. Dəstə üzvlərinin humanitar əməliyyatlarda iştirak sahəsində bilik və bacarıqlarının daha da artırılmasına nail olunub. Şəxsi heyətin hazırlığının yüksəldilməsində, həmçinin FHN, BMT və AQAC-ın birgə təşkilatçılığı ilə keçirilən kurs və təlimlərin mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, cari ildə FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlıq üzrə tədbirlər davam etdiriləcək.
AQAC-ın fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin təcrübə imkanlarının artırılması istiqamətində reallaşdırılan birgə kursların əhəmiyyətindən danışaraq dəstənin fəaliyyətində uğurlar arzulayıb.
Sonra 2019-cu ilin sentyabrında BMT-nin Azərbaycan nümayəndəliyinin, AQAC-ın və FHN-in birgə təşkilatçılığı ilə Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda Bakıda keçirilmiş kursu uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.
Daha sonra ötən ilin noyabrında Bakıda “Zəlzələ zamanı cavabvermə tədbirlərinin həyata keçirilməsi” mövzusunda beynəlxalq təlimin keçirilməsi zamanı baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlığın təmin edilməsi və qarşıda duran tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və əldə etdikləri nailiyyətlərə görə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə dəstənin bir qrup əməkdaşına medal, fəxri fərman və təşəkkürnamələr təqdim olunub.