FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti təlim keçirib
Bakı, 30 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti mayın 30-da Bakının Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlimdə FHN ilə yanaşı, Sumqayıt Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, eyni zamanda, bələdiyyələrin, mənzil-kommunal təsərrüfatı birliyinin, polis və təhsil şöbələrinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri və çimərlik operatorlarının məsul şəxsləri iştirak ediblər.
Təlimin məqsədi çimərliklərdə və üzgüçülük hovuzlarında təhlükəsizliyə məsul şəxslərə su hövzələrində təhlükəsizlik və davranış qaydaları haqqında məlumat vermək, həmçinin sularda axtarış-xilasetmə işlərini praktiki nümayiş etdirmək olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev tədbirdə çıxış edərək Xidmətin fəaliyyət istiqamətlərindən, çimərlikdə təhlükəsizlik və davranış qaydalarından və həyata keçirilən müvafiq maarifləndirmə işlərindən danışıb.
Sonra “My Beach” istirahət mərkəzinin ərazisində canlı qüvvə və texnikanın iştirakı ilə təlim keçirilib. Təlimdə müasir standartlara cavab verən yeni xilasetmə texnika və avadanlığı nümayiş olunub, suda şərti xilasetmə əməliyyatları keçirilib.
Sonda tədbir iştirakçılarına sularda təhlükəsizlik qaydalarına dair zəruri məlumatların əks olunduğu təbliğat materialları paylanılıb.