FHN-in qurumları arasında keçirilən mini-futbol üzrə çempionat başa çatıb
Bakı, 4 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə aprelin 30-dan mayın 4-dək Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, beş gün davam edən və nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında keçirilmiş çempionatda ümumilikdə hər birində 12 nəfər olmaqla 19 komanda iştirak edib.
Komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda 1-ci və 2-ci yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanıblar. Yarımfinalda nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ), Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandaları qarşılaşıblar. Qarşılaşmalarda MTTİ XRXX komandasına 7:3, DYMX isə TTNDA-nın komandasına 3:1 hesabı ilə qalib gəlib.
Mayın 4-də isə 3-cü və 1-ci yer uğrunda yekun oyunlar keçirilib. Çempionatın final mərhələsini fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev, yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar zamanı XRXX TTNDA-nın komandasına 8:0 hesabı ilə qalib gərək 3-cü yerə çıxıb. Final matçında isə MTTİ və DYMX-nın komandaları qarşılaşıblar. Maraqlı mübarizə ilə yadda qalan final oyununda rəqibini 6:3 hesabı ilə məğlub edən MTTİ-nin komandası çempion olub.
Final oyunundan sonra tədbirin bağlanış mərasimi keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Nazir müavini bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək və çiçəklənəcək. Natiq qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.