FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfər xilas edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 33 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 3 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfər xilas edilib, yanğın zamanı beş sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Bakı şəhərinin Nəsimi rayonunda güclü külək səbəbindən küçədə dayanan avtomobilin üzərinə aşaraq yolda hərəkəti məhdudlaşdıran ağacın xilasedicilər tərəfindən ərazidən götürülməsi təmin olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.